İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi AmCham və Rusiya Arbitraj Assosiasiyası ilə əməkdaşlıq müqavilələri imzalayıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Bakıda Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (BKAM) Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Rusiya Arbitraj Assosiasiyası ilə əməkdaşlıq müqavilələri imzalayıb.

AZƏRTAC xəbər verir ki, əməkdaşlıq müqavilələri AmCham, Bakı Hüquq Mərkəzi, “Baker end McKenzie” və “Dentos” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Arbitraj Azərbaycana xarici investisiyaların təşviqi kimi” adlı konfransın çərçivəsində imzalanıb.

Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) İdarə Heyətinin sədri Gündüz Kərimov konfransın məqsədi, beynəlxalq arbitrajın həm dünya praktikasında mübahisələrin həllində rolu, həm də Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verib. O, BKAM-ın yaradılması, uğurları, hazırkı fəaliyyətindən söz açaraq, vurğulayıb ki, ölkəmizdə beynəlxalq arbitraj məhkəmələrinin fəaliyyətinin dəstəklənməsi Azərbaycan iqtisadiyyatına sərmayə qoymuş xarici investorların iqtisadi və mülki hüquqlarının səmərəli istifadəsi istiqamətində dövlətimizin əlverişli hüquqi mexanizmlər yaratmasının göstəricisidir.

AmCham-ın icraçı direktoru Natəvan Məmmədova beynəlxalq arbitrajın üstünlükləri və bu məhkəmələrin fəaliyyətinin xarici investorlar və ümumilikdə ölkədəki biznes mühiti üçün səmərəsindən bəhs edib. N.Məmmədova bu üstünlüklərdən bəziləri kimi arbitrlərin seçilməsində sərbəstlik, çeviklik və qənaət prinsiplərini xatırladaraq, qeyd edib ki, dövlət məhkəmələrində tərəfin öz hakimini seçmək imkanı yoxdur. Arbitrajda isə əksinə, tərəflərin arbitr funksiyalarını yerinə yetirməyə qabiliyyəti olan istənilən şəxsi arbitr seçmək hüququ var.

Rusiya Arbitraj Assosiasiyasının İdarə Heyətinin sədri Vladimir Xvalei arbitrlərin müstəqilliyini, qərəzsizliyini və müvafiq sahələr üzrə ixtisaslaşmalarının zəruri olduğunu önə çəkərək, beynəlxalq arbitrajın ölkənin iqtisadi həyatında uğura aparan mühüm faktor olduğunu söyləyib.

“Denton ” şirkətinin İdarəedici tərəfdaşı Ceyms Hoqan beynəlxalq arbitraj məhkəmələrinin ölkədəki xarici investorların fəaliyyətində zəmanət kimi çıxış etməsinin əsaslarından danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.