CƏMİYYƏT
Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin işgüzar proqramı mütəxəssislərin diqqətini cəlb edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 22-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin (BIHE-2016) işgüzar proqramı həm səhiyyə sahəsi, həm də turizm istiqamətləri üzrə bir sıra mütəxəssislərin diqqətini cəlb edib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə Bakı Ekspo Mərkəzində “Tibbi turizm” sektoru çərçivəsində seminar keçirilib. Tədbirdə xarici ölkələrin klinika və sanatoriyalarından, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası, eləcə də “Improtex Travel”, “Silk Way Travel”, “AFN Travel”, “ATA Travel”, “Millennium Travel & Congress DMC” və digər yerli turizm şirkətlərindən nümayəndələr iştirak ediblər.
Tibbi turizm sahəsindəki peşəkar fəaliyyət seminar iştirakçılarının işgüzar görüşləri zamanı böyük rezonansa səbəb olub. Tədbir iştirakçıları əvvəlcədən planlaşdırılmış görüş çərçivəsində yeni əlaqələr qurmaq, birbaşa danışıqlar aparmaq imkanı əldə ediblər. Seminarda xarici həmkarlarla təcrübə mübadiləsinin və ictimaiyyətin Azərbaycanda müalicə-sağlamlıq potensialı barədə məlumatlandırılmasının faydaları qeyd edilib.
Seminarın bütün iştirakçıları təşkilatçılardan xatirə sertifikatları alıblar.
Qeyd edək ki, bu il sərgidə xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru təqdim olunub. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.