SİYASƏT


Azərbaycan-Britaniya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan-Böyük Britaniya münasibətlərinin hazırkı vəziyyəti, tərəflər arasında əməkdaşlıq edilən əsas sahələr və inkişaf perspektivləri barədə nümayəndə heyətinə məlumat verib. Nazir enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində və xam neftin ixracında əsas marşrut olan Bakı-Tbilisi-Ceyhan kəmərinin reallaşdırılmasında BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr barədə danışıb və bu layihələrin iştirakçı dövlətlərə, ümumilikdə bütün regiona verəcəyi töhfələri qeyd edib. Elmar Məmmədyarov “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mahiyyəti və qarşıya qoyulan hədəflərdən söz açıb və ölkəmizin bu istiqamətdə atdığı addımları diqqətə çatdırıb.

Azərbaycanın multikulturalizm və tolerantlıq üzrə dünyaya örnək ola biləcəyini vurğulayan nazir ölkəmizdə əsrlər boyu müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yanaşı yaşadığını misal göstərib.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və bu münaqişənin həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunan Elmar Məmmədyarov Azərbaycanın rəsmi mövqeyini bir daha britaniyalı deputatların diqqətinə çatdırıb.

Britaniyalı parlamentarilər Azərbaycanda gedən inkişaf proseslərindən məmnun olduqlarını, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları təqdir etdiklərini bildiriblər.

Görüşün sonunda nazir qonaqların müxtəlif mövzular üzrə suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.