ELM VƏ TƏHSİL
Azərbaycan-Çin strateji tərəfdaşlığının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyev Azərbaycan-Çin strateji tərəfdaşlığının əsasını qoymuşdur” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, iyunun 15-i xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və bu əlamətdar gün Azərbaycanda Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ilə bağlıdır.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyev çox qısa müddətdə ölkəni iqtisadi və siyasi böhrandan çıxararaq onu müstəqil və güclü dövlətə çevirib.
R.Abbasov Ümummilli Liderin böyük diplomatik istedadının müstəqil Azərbaycanın xarici əlaqələrinin qurulması, Böyük İpək yolunun dirçəldilməsi, o cümlədən Çinlə çoxtərəfli münasibətlərin inkişafında da özünü göstərdiyini qeyd edib. Bildirib ki, belə çətin tarixi dövrdə ulu öndər Heydər Əliyevin görüşdüyü ilk diplomatlardan biri Çinin Azərbaycandakı səfiri olub.
ADU-nun sosial elmlər kafedrasının müdiri Ədalət Abdiyeva qeyd edib ki, 1991-ci ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və ağır olub. Bu qorxulu və çətin anda beynəlxalq nüfuza malik görkəmli siyasi xadim Heydər Əliyev xalqın təkidli tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürüb və şərəfli həyat yolunda Vətənə və millətə məhəbbətini sübut edib.
Ə.Abdiyeva deyib ki, 1993-cü il iyunun 15-i Azərbaycan xalqının tarixinə əbədi olaraq Milli Qurtuluş Günü kimi daxil olub. Məhz bu gündən etibarən Azərbaycan dünya ölkələri və xüsusilə qonşu ölkələrlə normal münasibətlərin yaradılması kursu götürüb. Əsasını müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, milli tərəqqi və dünyəvilik kimi dəyərlərin təşkil etdiyi yeni Azərbaycan dövlətçiliyinin memarı məhz Heydər Əliyev olub.
Tədbirdə 1993-2003-cü illərin tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr edilən “Azərbaycan - Çin: diplomatik münasibətlərin qurulmasının onuncu ildönümü” və “Azərbaycan Prezidenti Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri” kitabları təqdim olunub.