İQTİSADİYYAT
Azərbaycan COMCEC-in İstanbulda keçirilən iclasında təmsil olunur [YENİLƏNİB]
İstanbul, 23 noyabr, AZƏRTAC
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 32-ci iclası işə başlayıb.
İclasda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən rəsmi açılışda İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Useymin, İslam İnkişaf Bankı Qrupunun prezidenti Bandar Hajjar və üzv ölkələrin region təmsilçiləri çıxış ediblər.
Çıxışlarda İslam dünyasının qarşılaşdığı problemlərə və Qərb ölkələrinin ayrı-seçkilik siyasətinə toxunulub. Diqqətə çatdırılıb ki, mövcud və gözlənilən təhlükələrdən qorunmağın yeganə yolu davam edən münaqişələrin dayandırılmasına, həmçinin İslam dünyasında həmrəyliyə nail olmaqdır. Çıxışlarda İƏT-ə üzv olan ölkələrin iqtisadi inkişaf strategiyasına nail olmağın, təşkilatın 2025-ci ilə hesablanmış hədəflərinə çatmağın yolları göstərilib. O cümlədən, sənaye və ticarətin inkişafı üçün sərmayələrin sürətlə artırılmasının əhəmiyyətinə dair maraqlı fikirlər ifadə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul