SİYASƏT


Azərbaycan-Cənubi Afrika Respublikası əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib  [YENİLƏNİB]

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Cənubi Afrika Respublikasının (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazirlər Azərbaycan və CAR arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçiriblər. Söhbət zamanı iki ölkənin xarici siyasət orqanları arasında mütəmadi məsləhətləşmələrin aparılmasının və yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT, Afrika İttifaqı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və qarşılıqlı dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin və əməkdaşlıq üçün hüquqi əsasın formalaşdırılmasının əhəmiyyətindən danışıb.

Maite Nkoana-Maşabane nazirlər səviyyəsində mütəmadi olaraq siyasi məsləhətləşmələrin keçirilməsini və bu mexanizmin birgə komissiya səviyyəsinə çatdırılmasını təklif edib. O deyib ki, gənc demokratik ölkələr kimi biz təcrübə mübadiləsi aparmalı və bir-birimizdən öyrənməliyik.

Görüşdə Azərbaycan və CAR arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin həcminin artırılması üçün sərgi və yarmarkalar, eləcə də biznes səfərlərinin təşkili, həmçinin kənd təsərrüfatı və enerji sahəsində birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması yolları ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər, həmçinin təhsil sahəsində əməkdaşlıq, xüsusən ADA Universiteti ilə CAR-ın Diplomatiya Akademiyası arasında qarşılıqlı müəllim-tələbə mübadiləsi imkanlarını nəzərdən keçiriblər. Mədəni sahədə əməkdaşlığı genişləndirmək üçün hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi, sərgilərin təşkil olunması perspektivlərini müzakirə ediblər.

Tərəflər Azərbaycanın və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə həyata keçirilmiş əməkdaşlığı və Azərbaycanın Afrika qitəsinin problemlərinə xüsusi diqqət yetirməsini təqdir ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) Afrika və digər qitələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində gördüyü işlər barədə həmkarına məlumat verib, bunun beynəlxalq əməkdaşlıq və sülhün möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. Nazir, eyni zamanda, “ASAN xidmət”in fəaliyyəti haqqında danışıb və bu xidmətin Afrika İttifaqında təqdimatının keçiriləcəyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Münaqişə ilə bağlı BMT TŞ-nin məlum qətnamələrini xatırladan E.Məmmədyarov təəssüflə qeyd edib ki, adıçəkilən qətnamələr hələ də icra olunmayıb. O, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasını dəfələrlə bəyan etdiklərini bildirib. Elmar Məmmədyarov əlavə edib ki, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. O bildirib ki, biz Qoşulmama Hərəkatının son Sammitində ifadə olunduğu kimi, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair CAR-ın mövqeyini yüksək qiymətləndirik.

Maite Nkoana-Maşabane ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin təsis olunacağını bildirib.

Söhbət zamanı, həmçinin parlament diplomatiyasının və insanlararası təmasların artırılmasının əhəmiyyətindən danışılıb, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.