SİYASƏT
Azərbaycan-Cibuti əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Cibutinin hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbul edilməsində rolunun və bu münaqişənin həllində tutduğu ədalətli və birmənalı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Əli Həsən Bahdon “ADEX 2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycandan olan tərəf müqabilləri ilə praktiki əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Cibuti arasında iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.