İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” və Asiya İnkişaf Bankı ikitərəfli əməkdaşlığı genişləndirəcək
Bakı, 14 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” və Asiya İnkişaf Bankı ikitərəfli əməkdaşlığı genişləndirəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı fikirlər noyabrın 14-də “Azərbaycan Dəmir Yolları” QSC-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı deyilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son dövrlərdə Azərbaycan dəmir yollarında aparılan islahatlar, habelə Azərbaycanın əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində görülən kompleks tədbirlər, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüş zamanı həmçinin ortamüddətli perspektivdə AİB ilə “ADY” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib.
Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq qlobal maliyyə-iqtisadi böhranının doğurduğu nəticələrə baxmayaraq, Azərbaycan dəmir yolu sahəsində son dövrlər görülmüş kompleks yenidənqurma işlərindən, habelə institusional, maliyyə və hüquqi-tənzimləmə sahəsində aparılmış islahatlardan məmnun olduğunu bildirib.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.