İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” və “TransKonteyner” “Şimal-Cənub” dəhlizi ilə daşınmaları inkişaf etdirmək niyyətindədirlər
Bakı, 26 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “TransKonteyner” Publik Səhmdar Cəmiyyəti (PSC) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə intermodal daşınmalar üçün əlverişli şəraiti inkişaf etdirmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu fikir Bakıda “Strateji tərəfdaşlıq 1520: dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu” mövzusunda biznes forum çərçivəsində “TransKonteyner” PSC ilə “Azərbaycan Dəmir Yolları” ASC arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum barədə “TransKonteyner”in şərhində yer alıb.
Həmin sənədə görə, tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə intermodal daşınmalar üçün əlverişli şəraiti inkişaf etdirmək, bu məqsədlə innovativ texnologiyalardan və kombinasiyalı nəqliyyat imkanlarından faydalanmaq niyyətindədirlər. Bundan əlavə, tərəflər ixracat, idxalat, eləcə də tranzit yollarda yüklərin daşınması keyfiyyətini yaxşılaşdırmağı planlaşdırırlar.
Bu əməkdaşlıq tərəflərin iştirakı ilə xarici ticarət yüklərinin daşınması logistikası sahəsində aktual informasiya mübadiləsini, konteyner qatarları vasitəsilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə əlavə yük axınlarının cəlb olunması və bu meylin inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanmasını və həyata keçirilməsini, dəmir yolu nəqliyyatı yüklərinin daşınması sahəsində birgə marketinq tədqiqatlarının aparılmasını nəzərdə tutur.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Memorandumu sədrin müavini Vüsal Aslanov, “TransKonteyner” PSC adından baş direktor Pyotr Baskakov imzalayıblar.