ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendsen ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Seyidov rəhbərlik etdiyi ali məktəb ilə Norveç universitetləri arasındakı əlaqələrdən söz açıb. ADU-da Skandinaviya Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor bu mərkəzin ölkələrarası əlaqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini vurğulayıb.
S.Seyidov ADU-nun beynəlxalq əlaqələrindən, Avropa ölkələri ilə əməkdaşlığından da söz açıb. Tələbələrin norveç dilinə marağını xüsusi qeyd edən rektor bildirib ki, hər il bir qrup tələbə Norveçin Oslo Universitetinə yay məktəbinə göndərilir. Vurğulanıb ki, 2007-ci ildən bəri ADU-nun 105 tələbə və müəllimi Oslo Universitetində təhsil alıb.
Bord İvar Svendsen ADU-da fəaliyyət göstərən Skandinaviya Mərkəzi haqqında artıq kifayət qədər məlumatı olduğunu söyləyib, universitetdə norveç dilinin tədrisini yüksək qiymətləndirib. Səfir gələcəkdə ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi, tələbə-müəllim mübadiləsi barədə fikir mübadiləsi aparılıb.
Sonra norveçli diplomat Skandinaviya Mərkəzində olub, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.