ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Ağacəkmə günü”
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çinin milli bayramına həsr olunmuş “Ağacəkmə günü” münasibətilə universitet ərazisində ağacəkmə kampaniyasında iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi insanların diqqətini yaşıl sahələrin qorunmasına yönəltmək üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi tərəfindən görülən işlərə dəstək olmaqdır.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov “Ağacəkmə günü”nün görkəmli siyasi xadim, Çin inqilabçısı Sun Yatsenin xatirəsinə həsr olunduğunu bildirib.
Qeyd edək ki, Sun Yatsen Çində quraqlıq və daşqınların aradan qaldırılması üçün bir sıra tədbirlərə, o cümlədən ağacların kütləvi əkininə təşəbbüs göstərib.