ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Amerika günü” qeyd edilib
AZƏRTAC xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunan tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu gün Bakıda, “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi haqqında “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinin tamam olduğunu, ötən dövrdə Azərbaycanın dünyada nüfuzunun artdığını qeyd edib. Rektor bu müqavilənin imzalanmasında ABŞ-ın rolunu xüsusi vurğulayıb.
Ölkələrimiz arasında münasibətlərdən danışan rektor bildirib ki, hazırda Azərbaycan-Amerika əlaqələri yüksək səviyyədədir və hər iki ölkənin dövlət başçılarının yürütdükləri məqsədyönlü siyasət nəticəsində bu əlaqələr gündən-günə inkişaf edir, möhkəmlənir.
ADU-da fəaliyyət göstərən mərkəzlərdən söz açan S.Seyidov ölkələrimizin zəngin mədəniyyətlərinin qarşılıqlı təbliğində, əlaqələrin genişlənməsində Amerika Mərkəzinin rolunu xüsusilə qeyd edib. Rektor bu mərkəzin fəaliyyətinə göstərilən köməyə və ADU ilə səmərəli əməkdaşlığa görə ABŞ-ın Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib.
Milli Məclisin deputatı Asim Mollazadə Amerika Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, onun iki ölkənin münasibətlərinin dərinləşməsinə töhfəsini qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Kelli Kalam 2007-ci ildə ADU-da yaradılan Amerika Mərkəzinin fəaliyyətinə göstərilən dəstəyə görə təmsil etdiyi qurum adından universitetin rəhbərliyinə minnətdarlığını bildirib.
K.Kalam ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib, respublikamızın son illər qazandığı nailiyyətləri xüsusi vurğulayıb. ADU-da “Amerika günü”nün qeyd olunmasını yüksək dəyərləndirən diplomat tədbirin təşkilatçılarına təşəkkür edib, ADU ilə ABŞ səfirliyi arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Sonra tədbir iştirakçıları ABŞ-ın müxtəlif ştatlarına həsr edilən sərgilərlə tanış olublar.
Tədbir ABŞ-ın məşhur “Meri Mak Brayd” qrupunun Azərbaycan və Amerika musiqilərindən ibarət konserti proqramı ilə yekunlaşıb.