ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Ənənəvi Çin çay mərasimi” keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dillər Universitetində Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Ənənəvi Çin çay mərasimi” adlı ədəbi-bədii tədbir keçirilib.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin direktoru, dosent Rafiq Abbasov çinlilərin ənənəvi bayramının tarixi ilə bağlı məlumat verib. O, Azərbaycanda çayçılığın inkişafından söz açıb, respublikanın iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sektorunda islahatların aparılması sahəsində ümummilli lider Heydər Əliyevin təşəbbüslərini xüsusi vurğulayıb.
Tədbirdə Miniatür Kitab Muzeyinin təsisçisi, Azərbaycan "Kitab" Cəmiyyəti idarə heyətinin sədri Zərifə Salahova Çinə səfərləri, ölkənin ictimai-siyasi xadimləri ilə görüşləri, Çin xalqının qonaqpərvərliyi ilə bağlı xatirələrini bölüşüb, çin dilində miniatür kitab kolleksiyasını mərkəzə hədiyyə edib.
“Azersun Holding” Çay Məhsul Qrupunun müşaviri Sədaqət Yusifov Azərbaycanda çay istehsalının hazırkı vəziyyəti və perspektivləri barədə danışıb.
Tələbələr Azərbaycan və Çin çayiçmə ənənələri, çay hazırlama üsulları, çay ilə bağlı Çin əfsanələri, Azərbaycan və Çin çay növlərinin xüsusiyyətləri barədə məlumat veriblər.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Lənkəranda çay fabrikinin açılış mərasimində iştirakından videogörüntülər, Azərbaycan və Çin çay mədəniyyəti haqqında sənədli film nümayiş olunub.
Sonda iştirakçılar Çin çay mərasimini izləyiblər.
Qonaqlara “İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.