ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Əziz Əliyevin xatirəsi anılıb
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan “Əziz Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi kimi” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamına əsasən təşkil edilib.
Tədbirdə “Əziz Əliyevin Dağıstandakı fəaliyyəti”, “Əziz Əliyevin Azərbaycandakı inkişaf rolu”, “Əziz Əliyevin Cənubi Azərbaycanda fəaliyyəti”, “Əziz Əliyevin həyat və fəaliyyəti” mövzusunda məruzələr dinlənilib. Natiqlər Ə.Əliyevin müxtəlif məsul vəzifələrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına verdiyi layiqli töhfələrdən, İkinci Dünya müharibəsi illərində apardığı işlərin mühüm hərbi-siyasi əhəmiyyətindən, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən bəhs ediblər. Eyni zamanda, Ə.Əliyevin Dağıstandakı fəaliyyətindən söz açılıb, onun hər zaman dağıstanlılar tərəfindən sevildiyi, bunun parlaq nümunəsi kimi xatirəsini əbədiləşdirmək məqsədilə Dağıstanda heykəlinin ucaldıldığı bildirilib.
Təhsil müəssislərində belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edən regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov Azərbaycanın tarixi şəxsiyyətlərinin öyrənilməsinin vacibliyini vurğulayıb.