ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Beynəlxalq təhlükəsizlik” dərsliyi təqdim olunub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin beynəlxalq münasibətlər kafedrasının müəlliflər kollektivi tərəfindən hazırlanan “Beynəlxalq təhlükəsizlik” dərsliyinin təqdimat mərasimi keçirilib.
ADU–dan AZƏRTAC-a bildirilib ki, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, kitabın elmi redaktoru, dosent Samir Həmidov dünyanın aparıcı universitetlərinin təcrübəsindən faydalanaraq hazırlanan kitab haqqında məlumat verib. O, Azərbaycanda və regionda ilk dəfə beynəlxalq təhlükəsizliyin ümumi-nəzəri və regional problemlərinin kompleks şəkildə, sistemli olaraq dərindən təhlil edildiyini və öyrənildiyini diqqətə çatdırıb. Beynəlxalq təhlükəsizliklə bağlı bütün məlumatların kitabda əksini tapdığını deyən S.Həmidov istifadə edilmiş anlayış və terminlərin tam izah olunduğunu bildirib. Milli maraqların əsas götürüldüyü dərsliyin üz qabığı ilə məzmununun bir-birini tamamladığı qeyd olunub.
ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev kitab yazmağın vacibliyini vurğulayıb. Son 10 ildə kitab nəşrinə görə inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrdən ön sırada qərar tutduğunu söyləyən professor kitab nəşrinə diqqət ayırmağın əhəmiyyətindən söz açıb.
Milli Məclisin deputatı, professor Elman Nəsirov təhlükəsizliklə bağlı məlumatları kompleks şəkildə əks etdirən kitabın həm tələbələr, həm də müəllimlər üçün səmərəli olacağına əminliyini bildirib.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı beynəlxalq təhlükəsizliklə bağlı kitabın digər kafedralara da örnək olacağını və onlara stimul verəcəyini bildirib.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Milli Məclisin deputatları Fazil Mustafa, Asim Mollazadə, Sahib Alıyev və digər çıxış edənlər kitabın əhəmiyyətindən söz açıb, bilikli və bacarıqlı vətəndaşlar yetişdirmək üçün milli dərsliklərin nəşr olunmasının vacibliyini vurğulayıblar.