ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Çin şahmat oyunları barədə açıq dərs keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Azərbaycan Dillər Universitetində (ADU) Çin Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Syansi” Çin şahmat oyunlarının öyrənilməsi barədə açıq dərs keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Şahmat Gününə həsr olunmuş tədbirdə mərkəzin direktoru, professor Rafiq Abbasov idman sahəsində Azərbaycan-Çin əməkdaşlığı, Çində keçirilən ümumdünya intellektual oyunlarında Azərbaycan şahmatçılarının ənənəvi iştirakı barədə danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası1970-ci illərdə qoyulmuş, şahmatın inkişafı üzrə siyasətin hazırda Azərbaycanda uğurla həyata keçirildiyini qeyd edib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ölkədə idmanın şahmat növünün inkişaf prosesi, respublikanın regionlarında şahmat məktəblərinin açılması və milli komandamızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən danışıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Pərvin Əfəndiyeva Azərbaycanda orta əsrlərdə geniş yayılmış, Xaqani, Nizami, Füzuli, Məhsəti Gəncəvi kimi böyük şairlərin əsərlərində əks olunan, şahmatın sələfi - şətrənc haqqında geniş məlumat verib.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasında təhsil alan tələbələri Çin şahmat oyununun tarixi və inkişafı, oyunun qaydaları, eyni zamanda, “Syansi”də fiqurların hərəkətləri və şahmat debüt nəzəriyyəsi barədə danışıblar.
Tədbirdə Çinin Azərbaycandakı səfirinin mədəniyyət üzrə müşaviri Cen və onun köməkçisi Li iştirak ediblər.