ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Cambridge English” imtahanları keçiriləcək
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev Şərqi və Mərkəzi Avropa üzrə Kembric Universitetinin regional meneceri Anna Qorizontova ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüş “Cambridge English” imtahanlarının ADU-da hazırlanmasını və keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Tədbirdə universitetin pedaqoji fakültəsi üzrə müəllimləri “Cambridge TKT” (Teaching Knowledge Test) imtahanına cəlb edərək onların ingilis dili səviyyəsini yoxlamaq və beynəlxalq sertifkatlarla təltif etmək barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ingilis dilinin yoxlanılması ilə bağlı yüzillik təcrübəyə malik olan “Cambridge English”in imtahanlarına hər il beş milyondan çox insan qatılır, onlara verilən sertifikatlar dünyanın iyirmi mindən çox təşkilatı tərəfindən tanınır.