ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Dünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik günü qeyd olunub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Dünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik günü” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, İRK-nın Folklor Mərkəzinin təşkil etdiyi tədbirin məqsədi mədəniyyətlərarası dialoq ideyasına dəstək vermək, müxtəlif xalqların mədəniyyətlərinin yaxınlaşmasını, həmçinin, insanların mədəni maariflənməsini təmin etmək idi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov bu mövzuya həsr olunan tədbirlərin təşkilinin universitetdə ənənə halını aldığını bildirib. Prorektor ölkəmizdə multikulturalizmin, mədəni müxtəlifliyin inkişafının təmin edilməsinə dövlət səviyyəsində, o cümlədən ADU-da xüsusi diqqət göstərildiyini vurğulayıb.
İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto, Yaponiya səfirliyinin birinci katibi Ko Obata çıxış edərək tədbirin təşkilində əməyi olanlara təşəkkürlərini bildirib, bu ənənənin qorunub saxlanmasını arzulayıblar.
Tədbirdə Azərbaycan, Türkiyə, ABŞ, Çin, Yaponiya, Rusiya, Britaniya-İrlandiya və Hindistanın milli rəqsləri, mahnılar ifa olunub.
Həmçinin müxtəlif ölkələrin mədəniyyətləri ilə bağlı təqdimatlar keçirilib, onların milli mətbəxləri barədə məlumat verilib.
Tədbirə Bakı Amerika Mərkəzinin danışıq klubları üzvlərinin ifasında "We are the world" mahnısı ilə yekun vurulub.