ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilində universitetin bakalavriat və magistratura pillələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla, universitetin müəllim və tələbələri, valideynlər iştirak ediblər.

Məzunları təbrik edən K.Abdulla deyib: “Bu gün, həqiqətən də, əziz gündür. Mən inanıram ki, bu günün ab-havasını, səmimiliyini, doğmalığını siz həyatınız boyu qəlbinizdə qoruyub saxlayacaqsınız”. Rektor ulu öndər Heydər Əliyevin gənclər haqqında dediyi bir fikri səsləndirib: “Ulu Öndər deyib ki, bu tələbələr, bu gənclər mənim sizə əmanətimdir”. K.Abdulla bildirib ki, biz Ulu Öndərin bu sözlərini əsas tutaraq gözəl vətənimizi xoşbəxt gələcəyə doğru aparacağıq.

Rektor əminliklə vurğulayıb ki, bu gün universiteti bitirən hər bir gənc dünyanın harasında olursa-olsun, ADU-nun şərəfini uca tutacaq. Məzunlar doğma universitetlə əlaqələrini ömür boyu davam etdirəcəklər. Bu gün Azərbaycanın böyük bir inkişaf yolu keçdiyini, dünya birliyinə inteqrasiya etdiyini deyən K.Abdulla Prezident İlham Əliyevin bu sahədə böyük rolunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın şəhərləri, küçələri, meydanları dəyişdiyi kimi Azərbaycan gənci də dəyişir və ölkəsinə daha faydalı olmağa çalışır. Rektor gəncləri təbrik edib, uğurlu gələcək arzulayıb.

Məzun Aydan Məmmədovanın valideyni Əzizağa Məmmədov ADU-nun müəllim kollektivinə təşəkkürünü bildirib, məzun olan tələbələri təbrik edib, xoş arzularını çatdırıb.

Tədbirin bədii hissəsində tanınmış müğənni, ADU-nun məzunu Elnarə Xəlilovanın ifasında mahnılar səslənib. Universitetin tələbələri müxtəlif musiqi nömrələri, “Dalğa” rəqs ansamblı isə rəqslərdən nümunələr ifa ediblər.

Universitetin ictimai işlərində fəal iştirak etmiş, tədris sahəsində müvəffəqiyyət qazanmış məzunlar diplomlarla təltif olunublar.

Qeyd edək ki, 2016-2017-ci tədris ilində ADU-da təhsilin bakalavriat pilləsi üzrə əyani bölmədən 1457, qiyabi bölmədən 72, magistratura pilləsi üzrə 128 tələbə məzun olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.