Azərbaycan Dillər Universitetində Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə edilib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olunub. Tədbirdə “Maariflənmə nədir” mövzusunda təcrübə mübadiləsi aparılıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə birliyin sədri Lətifə Qurbanova bu qurumun yaranmasını zəruri edən səbəblər, onun məqsədləri və qarşıda duran vəzifələrdən söz açıb. Onun sözlərinə görə, təşkilatın yaranması mərhələsində aparılan araşdırma zamanı universitetdə çalışan 40-dək əməkdaşın dünyanın 12 aparıcı ali təhsil müəssisəsinin məzunu olduğu müəyyənləşdirilib. L.Qurbanova deyib ki, birliyin yaranması universitetdə olan potensialın üzə çıxmasına, əməkdaşların bir-birini tanımasına və qurum daxilində özlərini tanıtmasına, eyni zamanda, sıx əlaqələr şəbəkəsinin formalaşmasına, ADU-da təhsilin keyfiyyətinin artmasına öz töhfəsini verəcək.
Çıxış edənlər birliyin fəaliyyətindən danışıb, təkliflər səsləndiriblər.
Qeyd edək ki, Xarici Təhsilli Əməkdaşlar Birliyi ADU-nun rektoru, Əməkdar Elm Xadimi, akademik Kamal Abdullanın təklifi əsasında ötən ilin noyabrında universitetin elmi şurasının qərarı ilə yaradılıb. Birliyin əsas məqsədi ADU-da müxtəlif vəzifələrdə çalışan əməkdaşlar arasında sıx əlaqələr qurmaq, onlar arasında birlik və təcrübə mübadiləsini təbliğ və təmin etmək, habelə ADU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə birlik üzvlərinin bilik və bacarıqlarından faydalanmaları üçün şərait yaratmaq, öz təcrübələrinə əsaslanaraq onlar arasında multikulturalizm dəyərlərini yaymaqdır. Birliyin fəaliyyət predmetinə isə yeni əməkdaşlara dəstək vermək, xarici universitetlərin məzunları arasında əməkdaşlıq şəbəkəsi qurmaq, bu fəaliyyəti ölkənin və universitetin maraqları istiqamətinə yönəltmək daxildir.