ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində amerikalı  tələbələrə mühazirə oxunub

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “CLS Turkish” proqramı çərçivəsində bu ali təhsil ocağının amerikalı tələbələrinə mühazirə oxuyub. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.

Ölkəmizdə cərəyan edən tarixi və müasir proseslərdən danışan akademik vurğulayıb ki, keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycan dövlət müstəqilliyinə yenidən qovuşub. Müstəqilliyin qazanılmasının asan başa gəlmədiyini deyən K.Abdulla ortaya çıxan problemləri xüsusi vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı problemimiz olduğunu deyən rektor bildirib ki, Azərbaycan işğal olunmuş torpaqlarını hərb yolu ilə geri qaytarmaq iqtidarında olsa da, problemin sülh yolu ilə həlli prinsipinə sadiqdir. Bununla da, faktiki olaraq dünya ictimaiyyətinə hörmətini nümayiş etdirir.

K.Abdulla diqqətə çatdırıb ki, Bakıdakı erməni kilsəsinin qorunub saxlanılması bir neçə il bundan əvvəl xalq diplomatiyası çərçivəsində Bakıya gəlmiş erməniləri heyrətə gətirib. O, müqayisə üçün müsəlman məscidinin Yerevanda dağıdıldığını, Şuşada isə yarıdağılmış hala salındığını misal çəkib. Yerevanda bir nəfər də olsun azərbaycanlının yaşamadığını deyən akademik Ermənistandan fərqli olaraq, Azərbaycanda tam başqa bir mənzərənin hökm sürdüyünü, ölkəmizin qədim zamanlardan öz tolerantlığı ilə seçildiyini vurğulayıb. Hələ XII əsrdə dahi Nizaminin əsərlərində insanların qardaşlığını tərənnüm etdiyini deyən rektor İslam intibahı haqqında da danışıb və dahi Azərbaycan şairi M.Füzulinin “Leyli və Məcnun” poemasından bəzi parçalar səsləndirib. Füzulini bütün dünyanı qəmdən azad edib o qəmi öz ürəyinə yığmaq istəyən şair adlandıran akademik deyib: “Əgər orta əsrlərdə bir şair bu cür düşünürdüsə, deməli, onu əhatə edən ictimai mühit də eyni dəyərlərlə yaşayırdı”.

Akademik qeyd edib ki, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublikamız əsl multikultural intibah yaşayıb. Prezident İlham Əliyev isə multikulturalizmi dövlət siyasətinə çevirib. O, multikulturalizmin hər bir ölkə üçün vacib anlayış olduğunu vurğulayıb.

Sonda rektorun “Azərbaycan multikulturalizminə xoş gəlmisiniz” sözləri amerikalı tələbələr tərəfindən alqışlarla qarşılanıb və onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.