ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində imtahanların gedişini izləmək üçün mediatur təşkil olunub
Bakı, 18 yanvar, P.İmanova, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev bildirib ki, ötən il dekabrın 30-da başlanan imtahan sessiyasının yüksək səviyyədə təşkil edilməsi və obyektivliyin təmin olunması məqsədilə universitetdə lazımi şərait yaradılıb. İmtahan sessiyası fevralın 9-dək davam edəcək.
Qeyd edilib ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq olunub.
ADU-da imtahan dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə operativ qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 nömrəli telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib, ictimai nəzarət şurasının bütün üzvlərinin əlaqə telefonları və elektron poçt ünvanları universitetin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.
Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.