QAN YADDAŞI
Azərbaycan Dillər Universitetində soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışıb, qanlı soyqırımları barədə geniş məlumat verib. O, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran və digər ərazilərdə qırğınlar törədildiyini, çoxlu insanın qətlə yetirildiyini və itkin düşdüyünü bildirib. Həmin hadisənin 1919-cu və 1920-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən iki dəfə “Ümummilli matəm günü” kimi qeyd olunduğunu söyləyən V.Babayeva ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini bildirib.
Dekan xalqımızın başına gətirilən qanlı hadisələrin bir daha təkrarlanmaması üçün gənc nəslə mübariz olmağı, tariximizi dərindən öyrənməyi tövsiyə edib.
Digər çıxış edənlər də ermənilərin mənfur işğalçılıq siyasətindən, zaman-zaman bu siyasətin tərkib hissəsi kimi xalqımıza qarşı soyqırımlarının törədildiyindən söz açıblar.
“Dəyirmi masa” müzakirələrlə davam edib.