Azərbaycan Dillər Universitetində tələbələr rektoru əvəz edəcəklər
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsinin icrasına başlanılıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarında təmsil olunublar. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Tələbələr tutduqları vəzifələrin əməkhaqqını alacaqlar. Onlar universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra edəcəklər.
Qeyd edək ki, layihə ADU-da ilk dəfə həyata keçirilir. Layihənin əsası universitetin rektoru, akademik Kamal Abdulla tərəfindən qoyulub.