ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin 10 tələbəsi təhsilini Çində davam etdirib
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov bu il təhsilini Çin Xalq Respublikasının (ÇXR) Şenyan Pedaqoji Universitetində davam etdirib vətənə qayıdan, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə D.Yunusov Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar sahədə çoxtərəfli əməkdaşlığın əsasının ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulduğunu vurğulayıb. ADU-da çin dilinin tədrisindən, ölkənin tanıdılmasından, mədəniyyətinin daha geniş təbliğindən, burada Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyətinin daha da genişləndirilərək Konfutsi İnstitutunun yaradılmasından söhbət açan D.Yunusov universitetdə çinli mütəxəssislərinin tez-tez qonaq olduğunu bildirib.
Çində təhsil alan tələbələr təəssüratlarını bölüşüb, onlara yüksək səviyyədə şəraitin yaradıldığını bildiriblər.