CƏMİYYƏT


Azərbaycan Dillər Universitetinin bir qrup nümayəndəsi Oslo Beynəlxalq Yay Məktəbində iştirak edib

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup nümayəndəsi Oslo Beynəlxalq Yay Məktəbində iştirak edib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, Avrasiya Təqaüd Proqramı çərçivəsində Norveçin Təhsildə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin dəstəyi ilə keçirilən Oslo Beynəlxalq Yay Məktəbində universitetin beynəlxalq münasibətlər kafedrasının iki müəllimi “Sülh tədqiqatı”, “Beynəlxalq siyasət. Norveç həyat tərzi və cəmiyyəti”, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan altı tələbəsi isə “Norveç dili üzrə II dil səviyyəsi” kurslarında iştirak ediblər.

ADU ilə Oslo Universiteti arasındakı əməkdaşlığın əsası 2007-ci ildə qoyulub. Həmin ildən etibarən ADU ilə Norveçin Oslo, Agder və Bergen universitetlərinin əməkdaşlığının nəticəsi olaraq 35 müəllim, bakalavr pilləsində təhsil alan 69 tələbə bu təhsil ocaqlarında təşkil edilən fərqli ixtisaslar, xüsusilə də Norveç dilinin müxtəlif səviyyələri üzrə kurslarda fəal iştirak ediblər.

Norveç səfəri ilə bağlı təəssüratlarını bölüşən Oslo Beynəlxalq Yay Məktəbinin iştirakçısı Cənanə Əhmədli deyib: “Osloda olduğum 42 gündə Norveç və ingilis dilləri üzrə bilik səviyyəmi mümkün qədər inkişaf etdirdim. ADU-da birinci kursda təhsil aldığım zaman öyrəndiklərimin Norveçdə əldə etdiyim biliklərlə tamamilə eyni olduğunu görmək məni təəccübləndirdi və eyni zamanda, məni sevindirdi. Beynəlxalq Yay Məktəbində qısa müddətdə yüzlərlə ölkənin müxtəlif nümayəndələri, onların mədəniyyətləri və ölkəmiz haqqında xoş düşüncələri ilə tanış olmaq sevindirici idi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.