ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin tələbəsi İndoneziyada təqaüd proqramında iştirak edib
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin indoneziyaşünaslıq ixtisasının III kurs tələbəsi Elsevər Məmmədli 2016/2017-ci tədris ilində İndoneziya Araşdırmalar Mərkəzinin seçimi ilə birillik Darmasiswa təqaüd proqramında iştirak edib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, İndoneziya Respublikası Təhsil və Mədəniyyət Nazirliyinin təsis etdiyi bu təqaüd proqramında hər il dünyanın yüzə yaxın ölkəsindən tələbələr iştirak edirlər. Proqram iştirakçıları ölkənin müxtəlif universitetlərində İndoneziya dili, milli rəqslər, ənənəvi təbabət və turizm kimi fənləri seçə bilirlər.
E.Məmmədli Bandunq şəhərindəki Pacacaran Universitetində İndoneziya dili kursunu müvəffəqiyyətlə bitirib. O, ADU-da təhsil aldığı müddətdə artıq İndoneziya dilini öyrəndiyi üçün Pacacaran Universitetində İndoneziya dili kursuna birbaşa III dil səviyyəsindən başlayıb. O, həmçinin Pacacaran Universitetinin Boqor Kənd Təsərrüfatı İnstitutu ilə birgə təşkil etdiyi yay məktəbində Amerika, Avropa və Afrikadan olan tələbələrlə birlikdə konfrans və yarışlarda yeni təcrübə əldə edib.
Bundan əlavə, o, Pacacaran Universitetində “Beynəlxalq gün” adlı tədbirdə ölkəmizi uğurla təmsil edib. Tədbir çərçivəsində inşa müsabiqəsində də iştirak edən azərbaycanlı gəncin yazısı ən yaxşı üç inşadan biri olub.
Azərbaycanlı tələbə İndoneziyada olduğu müddətdə təkcə dili öyrənməklə kifayətlənməyib, həm də yerli mədəniyyətlə, xüsusilə də İndoneziya mətbəxi ilə daha yaxından tanış olmağa çalışıb. Universitetdə keçirilən mədəniyyətlərarası festivallarda fəal iştirak edib, ölkəmiz haqqında tələbə yoldaşlarına ətraflı məlumat verib.
Darmasiswa təqaüd proqramı vasitəsilə İndoneziyadan xoş xatirələrlə qayıdan E.Məmmədli gələcək təhsil və iş həyatında təcrübə və diplom qazandığını, İndoneziya ilə bağlı biliklərini daha da zənginləşdirəcəyini söyləyib.