ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin tələbəsi “Uzundərə” rəqsi ilə Çində birinci oldu
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə tələbəsi Ayan Kərimova hazırda Çinin Uxan Universitetində təhsilini davam etdirir.
ADU-dan AZƏRTAC-a bildirilib ki, A.Kərimova Uxan şəhərində keçirilən “Sakura” beynəlxalq rəsm sərgisi müsabiqəsində fərqləndirici sertifikata layiq görülüb. O, Uxan Universitetində xarici tələbələr arasında keçirilən “Miss and Mister Uxan” yarışmasında Azərbaycanı “Uzundərə” rəqsi ilə təmsil edərək xanımlar arasında birinci yerə layiq görülüb. Həmçinin ADU tələbəsinin təqdim etdiyi Azərbaycan milli geyimi və rəqsi böyük maraqla qarşılanıb.
A.Kərimova, eyni zamanda, Çinin Suizhou şəhərinin ən nüfuzlu kollecinin 600-dən çox tələbəsi ilə görüş keçirib. Görüş çərçivəsində “İlham Əliyev – qədim xalqların dostluğunun müasir davamçısı” kitabının təqdimatı olub. Kitab Prezident İlham Əliyevin 2003-2017-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətə həsr edilib. Sonra Çin tələbələrinin Azərbaycanın mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı sualları cavablandırılıb.
Azərbaycan Dillər Universitetinin tələbələri bu gün Çinin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar. ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, bununla yanaşı, tələbələr böyük İpək Yolu üzərində yerləşən, tolerant ölkə olan Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədilə davamlı şəkildə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edərək ictimai fəallıq göstərirlər.