ELM VƏ TƏHSİL
Azərbaycan Diplomatik Akademiyasında Almaniya Bundestaqının Beynəlxalq parlament təqaüdü proqramının təqdimatı olmuşdur VİDEO
Bakı, 22 noyabr (AZƏRTAC). Noyabrın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Almaniya Bundestaqının Beynəlxalq parlament təqaüdü proqramının (IPS) təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Bundestaqın deputatı Bernhard Şulte-Drüggeltenin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmişdir.
Deputat proqram haqqında tələbələrə məlumat verərək demişdir ki, Almaniya Bundestaqı sədrinin himayəsi ilə həyata keçirilən proqram Berlində fəaliyyət göstərən üç universitet ilə birlikdə təşkil olunmuşdur. Yol, yaşayış və sığorta xərcləri daxil olmaqla bütün məsrəflər Almaniya Bundestaqı tərəfindən ödənilir.
Qeyd olunmuşdur ki, hər ilin dekabrından başlayaraq Almaniyanın Azərbaycandakı səfirliyində IPS proqramında iştirak etmək üçün sənəd qəbulu başlayır.
Proqram haqqında daha ətraflı məlumatı http://www.bundestag.de/ips internet səhifəsinə daxil olmaqla əldə etmək mümkündür.
Bildirilmişdir ki, İPS çərçivəsində hər il 28 ölkədən ümumilikdə 120 təqaüdçüyə 5 ay ərzində - 2014-cü il martın 3-dən 2014-cü il iyulun 31-dək Almaniya Bundestaqı tərəfindən verilən təqaüd hesabına ölkənin parlament sistemi ilə tanış olmaq imkanı yaradılır.
Diqqətə çatdırılmışdır ki, proqramın məqsədi siyasi və demokratik qərarvermənin bilavasitə şahidi olmağa imkan yaratmaqdır. Seçiləcək təqaüdçülər bu müddətdə Bundestaq deputatının ofisində işləyirlər, həmçinin Berlin universitetlərinin birində təhsil alırlar. Bundan başqa, onlar əlavə mühazirələr və təhsil tədbirlərində iştirak edə bilirlər.