SİYASƏT
Azərbaycan Dohada keçirilən media azadlığı ilə bağlı beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 24 iyul, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qətərin paytaxtı Dohada beynəlxalq tədbirə qatılıb.
BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qətərin İnsan Haqları üzrə Milli Komitəsinin Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Federasiya və Beynəlxalq Mətbuat İnstitutu ilə birgə təşkil etdiyi “İfadə azadlığı: Təhdidlə üz-üzə” adlı tədbir iki gün davam edəcək.
Tədbirin əsas məqsədi dünya ictimaiyyətinin, vətəndaş cəmiyyəti təşkilatlarının, dövlət və dövlətlərarası agentliklərin diqqətini jurnalistlərə qarşı törədilən zorakılıqlara, təhlükəsiz fəaliyyətə yönəltmək, qarşılıqlı fəaliyyət mexanizmləri və əməkdaşlığı dərinləşdirməkdir. Tədbirdə jurnalistlərin təhlükəsizliyi, müdafiəsi, habelə mətbuat azadlığı, media və beynəlxalq insan haqları təşkilatlarının əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə olunub. Müzakirələr zamanı qloballaşan dünyada jurnalistlərin professionallığının artması ilə paralel onlara edilən təhdidlərin də artmasından ciddi narahatlıq ifadə edilib. BAMF prezidenti səfərinin ilk günü müzakirələrə qatılıb və bir sıra görüşlər keçirib.
Umud Mirzəyev Əl-Cəzirə media şəbəkəsinin icraçı direktoru Mustafa Souj, Əl-Cəzirə media şəbəkəsinin insan hüquqları və vətəndaş azadlığı mərkəzinin direktoru Sami Əlhac, Banqladeşin tanınmış jurnalisti, Çandpur Press Klubunun yaradıcılarından biri Şah Məhəmməd Maksudul, BMT-nin Cenevrə ofisinin Afrikada media azadlığı üzrə komissiyasının üzvü Fatsal Ourguergouz və “PEN American” Mərkəzinin proqram meneceri James Tager ilə səmərəli danışıqlar aparıb. O, beynəlxalq təşkilatların media qurumlarına, ölkələrə ikili standartlarla yanaşmasını qəbul edilən qərarlara etimadsızlıq yaratdığını bildirib. Bununla yanaşı, BMT qətnaməsinin tətbiqi və icra mexanizmlərinin hazırlanması üçün beynəlxalq təşkilatlarla media qurumları arasında assosiativ əlaqələrin genişləndirilməsinin uğurlu addım ola biləcəyinin əhəmiyyətini qeyd edib. Tədbir müddətində media azadlığının gücləndirilməsi məqsədilə qanunverici bazanın inkişaf etdirilməsi, cəzasızlığın aradan qaldırılması istiqamətində təlim və maarifləndirmə tədbirlərinin dövlət orqanları nümayəndələri ilə birgə davam etdirilməsi, UNESCO-nun xüsusi mandatına uyğun olaraq media azadlığı və jurnalistlərin təhlükəsizlik məsələlərinin müsbət həlli üçün fəaliyyət mexanizmlərinin işlənib hazırlanması kimi bir sıra vacib detallar müzakirə olunacaq.
Tədbirdə UNESCO, İCRC, BMT İnsan Haqları Təlim Mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalist Hüquqlarının Müdafiə Mərkəzi, BMT Mətbuat Emblemi Kompaniyası (UNPEC), İnsan Haqlarına Baxış, Human Rights Watch və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərliyi və media orqanlarının təmsilçiləri iştirak edirlər.