QAN YADDAŞI
Azərbaycan Dövlət Filarmoniyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 24 fevral, Aynur İsmayılova, AZƏRTAC
Fevralın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, xatirə konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Qara Qarayevin “Matəm odası”, “Ağrı”, Rauf Əliyevin “Xocalıya ithaf”, Yusif Mirişlinin “Poema 613”, Məmməd Quliyevin “Rekviyem”, Balnur Kıdırbekin (Qazaxıstan) “Xocalı qurbanı” əsərləri səsləndirilib.
Orkestrlərin bədii rəhbərləri və baş dirijorları Xalq artistləri Rauf Abdullayev və Gülbacı İmanovadır. Solistlər Leyla Muradzadə və Əməkdar Artist Zemfira İsmayılovadır.
Tədbir Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Apofeoz” ilə yekunlaşıb.