MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni premyerası –“Ağ ölüm”
Bakı, 24 noyabr, AZƏRTAC
İnsanları narahat edən məsələlərə öz səhnəsində geniş yer verən, maraqlı tamaşaları ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu ənənəyə sadiq qalaraq yeni tamaşasını öz seyrçilərinə təhvil verməyə hazırlaşır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Ağ ölüm” adlı yeni tamaşa V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilib. Tamaşa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Gəncləri və yeniyetmələri belə qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlardan Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.
Tamaşanın premyerası noyabrın 28-də olacaq.