CƏMİYYƏT
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Beynəlxalq əlaqələrin genişlənməsi məqsədilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müqavilə ADHTİ-nin rektoru, professor Nazim Qasımov və Dağıstan Dövlət Tibb Akademiyasının rektoru, professor Süleyman Mammayev tərəfindən imzalanıb. İmzalanma mərasimində Nazim Qasımov dağıstanlı həmkarlarına institutun tarixindən söz açıb. Bildirib ki, 1935-ci ildə yaradılan institutun inkişafında ən parlaq səhifələr institutun rektoru olmuş professor Əziz Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, qeyd olunub ki, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi fəaliyyəti dövrü xalqlarımız arasındakı əlaqələrin ən şanlı səhifələrini təşkil edir. Ona görə də bu gün imzalanan müqaviləyə həmin ənənələrin davamı kimi baxmaq olar. İnstitut müxtəlif illərdə həm Azərbaycan, həm də digər ölkələrdən olan həkim və əczaçıların təkmilləşməsini müvəffəqiyyətlə həyata keçirib. Bu gün ADHTİ Azərbaycan səhiyyəsinin müasir təhsil, elmi və müalicə müəssisəsidir. İnstitutun nəzdində uroloji, oftalmoloji, onkoloji, nevroloji, cərrahi və digər elmi məktəblər fəaliyyət göstərir.
Müqavilədə klinik və profilaktik təbabətə, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi, həmçinin ali tibb mütəxəssislərinin davamlı professional təhsili sahəsində müasir metodik və elmi informasiyaların mübadiləsi nəzərdə tutulur.
Süleyman Mammayev çıxışında bildirib ki, Akademiyanın kafedralarında tədris prosesində yüksək texnoloji avadanlığın, müasir trenajorların və multimedia sistemlərinin istifadəsi daha yüksək nəticələr əldə etməyə imkan verir. Akademiyada tədris prosesi ilə yanaşı, tibbi və bioloji elmlər sahəsində yeni biliklərin əldə edilməsi, perspektiv tibbi texnologiyaların işlənməsi və hazırlanmasına yönəlmiş kompleks fundamental və tətbiqi elmi tədqiqatlar aparılır, yüksəkixtisaslı elmi kadrlar hazırlanır. Qeyd olunub ki, yüksəkixtisaslı tibb mütəxəssislərinin hazırlanması və tibb elminin prioritet istiqamətlərinin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq Akademiyanın fəaliyyətinin əsas aspektlərindən biridir. Hazırda Akademiyanın dünya ölkələrinin müxtəlif təhsil və tibb müəssisələri ilə sıx əməkdaşlığı tədris, elmi və müalicə proseslərinə qabaqcıl texnologiyaları tətbiq etməyə imkan verir.
İmzalanma mərasimində ali tibb kadrlarının hazırlığı ilə məşğul olan hər iki qabaqcıl təhsil müəssisələri arasında əməkdaşlığın davamlı olacağına əminlik bildirilib.