ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universiteti elmi şurasının iclası keçirilib
Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda universitetin rektoru, professor Ədalət Muradov “SABAH” qruplarına müraciət edən tələbələrin üçdə birinin ADİU-nu seçdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, buna görə də ADİU “SABAH” gənclərinin təhsil alacağı auditoriyalara fərqli yanaşıb.
Rektor vurğulayıb ki, universitetimizi necə görmək istəyiriksə, o modeli ilk olaraq “SABAH” üçün yaratmışıq. Bu qrup üçün yaradılan şərait bütün universitetə şamil olunacaq.
Elmi şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə görülən işlərdən də danışılıb. Bildirilib ki, universitetin işçilərin işə qəbulu və yerdəyişməsi komissiyasına 309 nəfər müraciət edib. Onlardan 75-nin vəzifəsi artırılıb, xaricdə təhsil almış 20 nəfərə yaxın şəxs işə götürülüb. Bu sahədə işin davam etdiriləcəyi qeyd olunub.
Eyni zamanda, oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının əmək haqlarının 15 faiz artırıldığı bildirilib. Universitetin maliyyə bazası artdıqca əmək haqlarının daha da yüksələcəyi vurğulanıb.
Şura üzvləri xüsusi istedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat məbləğində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti hesabına ödənilsin.
Ümumi iqtisadiyyat fakültəsinin adının dəyişdirilərək, iqtisadiyyat və sənaye fakültəsi adlandırılması təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.
İclasda iyun ayından tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilən “İşçilərin universitetdaxili intizam qaydaları” və “Tələbələrin universitetdaxili intizam qaydaları” qəbul edilib. Bu qaydalar sentyabrın 22-dən qüvvəyə minib.