ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universiteti ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalanıb
Bakı, 28 yanvar, Elvira Məmmədova, AZƏRTAC
Yanvarın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali təhsil ocağı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, professor Ədalət Muradov iki qurum arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarı həmişə hökumətin diqqət mərkəzində olub və bu sahədə mütərəqqi tədbirlər həyata keçirilib. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı qəbul edilib. Rektor Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində QKDK-nın fəaliyyətini, bu qurumun ali təhsil ocaqları ilə sıx əməkdaşlığını yüksək qiymətləndirib.
QKDK-nin sədri Rüfət Aslanlı bildirib ki, təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi tələbələrin maliyyə biliklərinin artırılmasına, zəngin iqtisadi savada malik kadr kimi formalaşmasına töhfə verəcək. Komitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi də tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsi üçün müxtəlif növ təlim proqramları təşkil edəcək. Komitənin sədri ictimaiyyət arasında qiymətli kağızlar bazarı üzrə biliklərin təbliği məqsədilə tələbələrin “Kapital bazarının səfirləri” kimi fəaliyyət göstərməsini təklif edib. Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə yiyələnmələri üçün ali təhsil müəssisəsində birja laboratoriyası da yaradılacaq.
Sonra ADİU ilə QKDK arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi ADİU-nun rektoru Ə.Muradov və QKDK-nin sədri R.Aslanlı imzalayıblar.
Tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanması sahəsində əməkdaşlıq etməkdir. Anlaşma çərçivəsində müştərək layihələrin planlaşdırılması və icrası, kapital bazarları üzrə birgə elmi tədqiqatların aparılması, qarşılıqlı kadr mübadiləsi, istehsalat təcrübəsi, elmi-praktik konfrans və seminarların təşkili də mümkün olacaq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.