ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi yaradılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi təsis edilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, qurumun yaradılmasında məqsəd gənclərin xarici ölkələrdə təhsil proqramlarının təbliği, tələbələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin təşviqi, habelə yaradıcılıq fəaliyyətinin inkişafına yardım göstərməkdir.
Birlik, həmçinin elmi araşdırmalar aparılması, müxtəlif kurs və seminar, “dəyirmi masa”, görüş və sərgilərin təşkilini də həyata keçirəcək. Ölkədə və xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla müştərək layihələrin təşkili də birliyin fəaliyyət istiqamətinə daxil edilib.
Birliyin təsisçisi və sədri uçot iqtisad fakültəsinin II kurs tələbəsi Səməd Rzazadədir.