ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “SABAH” qruplarına qəbul başlanıb
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017-2018-ci tədris ili üçün “SABAH” qruplarına qəbul başlanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı birinci kurs tələbələri ilə keçirilən görüşdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova “SABAH” qruplarının böyük əhəmiyyət daşıyan bir layihə olduğunu vurğulayıb. O, “SABAH”-ın tələbələr üçün böyük imkan olduğunu bildirərək, onlara bu fürsətdən maksimum faydalanmağı tövsiyə edib.
UNEC-in “SABAH” mərkəzi rəhbərinin müavini Aqil Əzizov məlumat verib ki, hazırda bu qruplarda 682 tələbə təhsil alır. Qış imtahan sessiyasının nəticələrinə əsasən, “SABAH” qrupunun tələbələri universitetdə yüksək nəticələr əldə ediblər. A.Əzizov yeni tədris ilində bu qruplara altı ixtisas: maliyyə, mühasibat uçotu və audit, biznesin idarəedilməsi, marketinq, iqtisadiyyat, menecment üzrə qəbul həyata keçiriləcəyini tələbələrin diqqətinə çatdırıb.
Görüşdə “SABAH” qruplarının mahiyyəti, qəbul qaydaları və tədris prosesi haqqında məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.