ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “Strateji Plan”ın icrası təmin edilir
Bakı,30 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin strateji planı (2017-2020-ci illər üçün)”nın yerinə yetirilməsini təmin etmək məqsədilə işgüzar toplantı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru, professor Ədalət Muradov Prezident İlham Əliyevin milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsini təsdiq etdiyini söyləyib. Buna uyğun olaraq, təhsil nazirinin müvafiq əmri ilə ali təhsil müəssisələrinin qarşısında duran vəzifələr müəyyənləşdirilməklə Təhsil Nazirliyinin strateji planı təsdiqlənib. Əmrə əsasən, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirləri vaxtında və keyfiyyətli icra etmək məqsədilə UNEC-in də strateji planı hazırlanıb.
Rektor bildirib ki, strateji yol xəritələri təsdiqləndikdən sonra universitetdə ciddi fəallıq müşahidə olunur. UNEC-in 48 professor və alimdən ibarət ekspert qrupu ölkədə baş verən iqtisadi proseslərə operativ münasibət nümayiş etdirir. Ə.Muradov diqqətə çatdırıb ki, strateji yol xəritələrinin əhatə etdiyi sahələrdən UNEC-də təhsil, tədqiqat və innovasiya istiqamətləri prioritet seçilib və strateji plan bu yöndə yeniliklərin tətbiqini nəzərdə tutur. Elmi tədqiqat sahəsində stimullaşdırmanı artırmaq məqsədilə diferensial əməkhaqqı sistemi də təkmilləşdiriləcək. Belə ki, müəllimlərin reytinqi müəyyən edilərkən onların elmi tədqiqatlarına xüsusi diqqət ayrılacaq. Eyni zamanda, daha bir komissiya yaradılacaq və bu qurum qiymətləndirmə ilə bağlı apellyasiya şikayətlərinə baxacaq. Şəffaflığı təmin etmək məqsədilə komissiyanın qərarları UNEC-in rəsmi saytında interaktiv yerləşdiriləcək, iclaslar isə “Facebook” vasitəsilə canlı yayımlanacaq.
İnnovasiya ilə bağlı ölkədə ilk dəfə UNEC-də İnnovativ Biznes İnkubatoru yaradıldığını bildirən rektor “Made in Azerbaijan” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, yeni tədris ilindən UNEC-də “Startap günləri” keçiriləcək. Sahibkarların maliyyə savadlılığını artırmaq məqsədilə onlarla mütəmadi görüşlər, treninqlər, “dəyirmi masa” və seminarlar təşkil olunacaq.
Rektor Ə.Muradov strateji plandan irəli gələn tədbirlərin icrası ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.