ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində TEMPUS layihəsi çərçivəsində tədbir keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) əlaqələndiricisi olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində “Layihə məlumat günü” mövzusunda tədbir keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə layihənin tərəfdaşları olan Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Kiyev Milli İqtisadiyyat Universiteti, Qırğızıstan İqtisad Universiteti, Tacikistanın Kujand Dövlət Universiteti və layihənin tərəfdaşı olmayan digər universitetlərin əməkdaşları iştirak ediblər.
Təhsil Nazirliyinin tələbələrə dəstək sektorunun müdiri Sülhəddin Gözəlov nazirliyin TEMPUS UNIVIA layihəsini dəstəklədiyini və yüksək qiymətləndirdiyini bidirib.
Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov TEMPUS UNIVIA-nı ən uğurlu layihə kimi dəyərləndirib və tərəfdaşların gələcəkdə belə layihələrdə də iştirak edə biləcəklərini vurğulayıb.
ADİU-nun beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov TEMPUS UNIVIA layihəsinin fəaliyyəti ərzində görülən işlərdən, əldə olunan uğurlardan danışıb, layihənin reallaşmasında iştirak edən qurumlara təşəkkürünü bildirib.
Tədbirdə layihənin universitetlərdə beynəlxalq əməkdaşlıq sahəsinin inkişafına göstərdiyi təsirdən, görüləcək işlərdən danışılıb.
Tərəfdaş universitetlərin nümayəndələri təqdimatlarla çıxış edərək layihə çərçivəsində bu ali məktəblərdə həyata keçirilən tədbirlərdən söz açıblar.
Sonda suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.