CƏMİYYƏT


Azərbaycan Dövlət İqtisad Universitetində “Vergilər” mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilib

A+ A

Bakı, 16 dekabr, AZƏRTAC 

Dekabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində ölkəmizin 15 ali məktəbinin 300-dək tələbə və magistrantının iştirak etdiyi “Vergilər” mövzusunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 10-cu olimpiada keçirilib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyaraq, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Universitetin rektoru Ədalət Muradov hər il keçirilən olimpiadaya Bakıdan və respublikanın digər şəhərlərindən çoxlu sayda tələbə və magistrantın qatıldığını vurğulayıb.

Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov nazirlik ilə universitetin birgə təşkil etdiyi bu olimpiadanın artıq ənənə halını aldığını qeyd edib. Nazir müavini Prezident İlham Əliyev tərəfindən insan resurslarının inkişafına xüsusi diqqət yetirildiyini, qəbul edilən dövlət proqramlarında, milli strategiyalarda və fəaliyyət planlarında dövlət orqanlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsinin əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Vergilər Nazirliyinin təbliğat və maarifləndirmə sahəsində təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi yer verdiyini vurğulayan S.Ələkbərov Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə on ildir ki, keçirilən olimpiadanın tələbələr arasında vergi sahəsində maarifləndirmə işlərinə böyük töhfə verdiyini söyləyib.

Bildirilib ki, vergi biliklərinə dərindən yiyələnmiş gənclərin vergi orqanlarında işə cəlb olunmasına xüsusi önəm verilir və əvvəlki olimpiadalarda fəal iştirak etmiş onlarla gənc hazırda vergi orqanlarında uğurla çalışırlar.

Universitet ilə Tədris Mərkəzi arasında tədris-təcrübə mübadiləsinin aparılması haqqında Memorandum imzalandığını diqqətə çatdıran Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov iki qurum arasında əməkdaşlıq prosesindən danışıb, olimpiadanın gedişi və qaydaları barədə iştirakçıları məlumatlandırıb.

Universitetin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri Əvəz Ələkbərov da olimpiada iştirakçılarına uğurlar arzulayıb, olimpiadanın tələbə və magistrantlarının vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verdiyini qeyd edib.

Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilib.

Olimpiadanın nəticələrinə yekun vuran Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbəri Əli Həsənov və rektor Ədalət Muradov bütün iştirakçılara minnətdarlıqlarını bildiriblər, ən yüksək nəticə göstərmiş tələbə və magistrantların adlarını elan edərək, qalibləri təbrik ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.