ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində "İnnovativ bankçılıq" otağı istifadəyə verilib
Bakı, 22 sentyabr, AZƏRTAC
"Kapital Bank"ın dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "İnnovativ bankçılıq" otağı istifadəyə verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, universitetin əsas binasında yerləşən otaqda bütün zəruri şərait yaradılıb. "Kapital Bank" tərəfindən tam təmir və təchiz olunan otaqda ilk dəfə olaraq kompyuterlərə bank əməliyyat proqramının demo versiyası yazılıb və tələbələr 4 əsas bank əməliyyatlarını burada həyata keçirə biləcəklər. Dərsləri universitetin təlim keçmiş müəllimləri və seçilmiş tələbələr tədris edəcək.
""Kapital Bank" sosial yönümlü fəaliyyəti istiqamətində təhsil layihələrinə böyük önəm verir. Hazırda bank ADİU, "ADA" Universiteti və Gəncə Texnologiyalar Universiteti ilə sıx əməkdaşlıq edir. Bu il həmin ali məktəblərin 70-dək tələbəsi "Kapital Bank"da təcrübə keçib", – deyə bankın idarə heyətinin sədri Rövşən Allahverdiyev bildirib.