ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində ötən ilin sosial-iqtisadi inkişafının yekunları barədə məlumat verilib
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş tədbir keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov ötən 11 ildə ölkə iqtisadiyyatında orta hesabla 11,5 faiz artım müşahidə olunduğunu bildirib. Qeyd olunub ki, Beynəlxalq Valyuta Fondunun rəsmi məlumatına əsasən, bu, dünya ölkələri üzrə ən yüksək göstəricidir. Ötən dövr ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 10 faizə yaxın müsbət dinamika qeydə alınıb. Ötən ildə sənaye sektorunda 0,7 faiz azalma müşahidə olunsa da, sənayenin qeyri-neft sektorunda 6,9 faizlik artım olduğu diqqətə çatdırılıb. R.Səlimov vurğulayıb ki, dünya iqtisadiyyatında, maliyyə bazarında baş verən prosesləri nəzərə alsaq bu, uğurlu göstəricidir. Ölkə rəhbərliyinin yaratdığı münbit investisiya mühiti iqtisadiyyatımıza yatırılan sərmayələrin həcmini artırıb. Ötən il ölkəyə 21,8 milyard manat investisiya yatırılıb ki, onun da 58,5 faizi daxili mənbələr hesabınadır. 2014-cü ildə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyanın da həcmində artım olub. Bundan əlavə, 127 min yeni iş yeri yaradılıb. Bu da ölkədə işsizlik və yoxsulluq səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, işsizlik səviyyəsi 0,1 faiz azalaraq 4,9 faizə, yoxsulluq səviyyəsi isə 0,3 faiz azalaraq 5 faizə enib.
2015-ci il yanvarın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə – 12,4 faiz artaraq, 7,2 milyard manata çatıb. 2014-cü ildə MDB-nin milli valyutaları arasında yalnız manat məzənnəsini qoruyub saxlayıb. Ötən il əhalinin gəlirləri 4,8 faiz çoxalıb. Orta aylıq əməkhaqqı 443 manat, aylıq pensiyanın orta məbləği isə 173,4 manat təşkil edib.
ADİU-nun rektoru, professor Ədalət Muradov çıxışında bildirib ki, ötən ilin iqtisadi və sosial həyatının yekunları dünya iqtisadiyyatında, xüsusən də maliyyə bazarlarında baş verən böhranlı proseslərə baxmayaraq, ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, xarici və daxili investisiyaları cəlb etməyə yüksək imkanlar yaradıldığını deməyə əsas verir. Rektor qeyd edib ki, ADİU-nun müəllimləri xarici ölkələrdə ezamiyyətdə olanda, nüfuzlu xarici jurnallara məqalələr yazanda əcnəbi investorlara Azərbaycan iqtisadiyyatında yaranmış müsbət şərait, rəqabət üstünlükləri ilə bağlı ətraflı məlumat verməlidirlər.
Sonda R.Səlimov sualları cavablandırıb.