ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” qruplarında press-tur təşkil edilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “SABAH” qruplarında press-tur keçirilib. Jurnalistlər “SABAH” qrupları üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyev jurnalistlərə layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, layihənin əsas məqsədi seçilmiş tələbələrin tədrisinin müasir tərz və metodika ilə keçirilməsidir. Bu qruplarda dərs deyən bütün müəllimlər nazirliyin komissiyasından keçiblər. Tədris planları elə qurulub ki, burada intensiv ingilis dili tədris olunmaqla yanaşı, xarici ölkələrdən gələn müəllimlər də müvəffəqiyyətlə dərs keçirlər. Bu qruplarda təhsil alan tələbələr xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar.
ADİU-nun “SABAH” qrupları mərkəzinin dekanı Aida Quliyeva universitetdə bu qruplar üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, “SABAH” qrupunda təhsil alan tələbələrə dərs prosesi xüsusi proqram əsasında təşkil olunur. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşləri də təşkil edilir. Bu isə “SABAH” qrupunun tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır.