ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Fransada təhsil alacaqlar
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Fransanın Montpellier Universiteti və Beynəlxalq Biznes və İdarəetmə Məktəbi (CEFAM) ilə sıx əməkdaşlıq edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq çərçivəsində 2016/2017-ci tədris ilində 10 tələbəmiz bu universitetlərdə təhsil alacaq. UNEC və Montpellier Universiteti arasında reallaşdırılan ikili diplom proqramına qoşulan beş tələbəmiz bir akademik tədris ilində Fransada təhsil almaqla dörd illik təhsil müddətinin sonunda həm UNEC-in, həm də Montpellier Universitetinin bakalavr diplomlarını əldə edəcək. Digər beş tələbə isə universitetlərarası tələbə mübadiləsi proqramı çərçivəsində bir semestr ərzində CEFAM-ın kreditlərini qazanacaq. Bu tələbələrdən üçü, eyni zamanda, “Erasmus+” təqaüdünə də layiq görülüb.
Fransanın Azərbaycandakı səfirliyində növbəti tədris ilində bu ölkədə təhsil alacaq gənclərlə görüş keçirilib. Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez tələbələri təbrik edib, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib və ikitərəfli əlaqələrin əhəmiyyətindən danışıb.
Görüşdə Fransada təhsil alacaq gənclər arasında UNEC-in tələbələri və məzunlarının üstünlük təşkil etdiyi diqqətə çatdırılıb.