ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetinin yeni saytı istifadəyə verilib
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) innovasiyanın tətbiqi istiqamətində növbəti yeniliklər reallaşdırılıb.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, rebrendinq çərçivəsində bu ali məktəbin müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb-saytının təqdimatı keçirilib.
Universitetin yeni abreviaturası olan UNEC (University of Economy) saytın domain adında da əksini tapıb. UNEC.EDU.AZ saytında istifadəçilərin lazımi informasiyanı qısa müddətdə əldə etmələri üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub. Üç dildə təqdim olunan saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. HTML5, jQuery, Cross Browser texnologiyalarından və CMS platformasından istifadə edilməklə təhlükəsizlik amili tam təmin olunub. Universitetin rəsmi veb-saytının dünya reytinqində yer alması üçün “Webometrics” tələbləri əsas götürülüb.
Saytda universitetin struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı, elektron kitabxana, sınaq imtahanı, elektron apelyasiya haqqında informasiyalar verilib. Yaxın zamanda saytın əlavəsi kimi iOS və Android platformaları üçün mobil tətbiq də istifadəçilərə təqdim olunacaq.
Rebrendinq çərçivəsində universitetin yeni korporativ loqotipi də təqdim edilib. Hazırlanan yeni loqoda müasir dizayn konsepsiyası prioritet götürülüb. Minimalizm stili bazasında qurulan loqoda əsas komponentlər kimi qlobus, iqtisadi qrafik və kitab yer alıb. Yeni loqonun fəlsəfəsi “qloballaşan dünyada iqtisadi inkişafın əsası elmdir” mənasını verir.