QAN YADDAŞI
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 31 mart soyqırımının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 31 mart soyqırımının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
ADMİU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbiri açan universitetin rektoru, professor Timuçin Əfəndiyev bu soyqırımı aktını ermənilərin insanlığa qarşı törətdikləri ən qanlı cinayət kimi səciyyələndirmişdir. O, ermənilərin zaman-zaman Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, bir sözlə Azərbaycanın bir çox bölgələrində xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini diqqətə çatdırmışdır.
Daha sonra T.Əfəndiyev ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildiyini söyləmişdir. Bildirmişdir ki, hər il 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha o tariximizi yada salır və soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Ulu Öndərin başlatdığı yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, bədnam qonşularımızın son iyirmi beş ildə ölkəmizə qarşı yürütdüyü növbəti işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq insan yaralanmış, əlil və şikəst olmuş, bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmiş, ölkə iqtisadiyyatına on milyardlarla manat maddi ziyan vurulmuşdur. Tarixi abidələrlə zəngin, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji əhəmiyyətə malik olan Xocalı erməni vəhşiliyinin növbəti qurbanı olmuşdur.
Qeyd edilmişdir ki, son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən – “Xocalıya ədalət!” Beynəlxalq kampaniyası çərçivəsində dünyanın 100-dən çox ölkəsində tədbirlər həyata keçirilir. Azərbaycan rəhbərliyi, hökuməti və ictimai qurumlar tərəfindən bu istiqamətdə görülən işlər öz səmərəsini verməkdədir.
Rektor demişdir ki, 1918-ci ilin martında ermənilər tərəfindən Zəngəzurda 109, Qarabağda 117, Şamaxı qəzasında 53, Quba qəzasında 162 kənd dağıdılmışdır. Həmin vaxt Bakının bir sıra kəndlərinin, o cümlədən Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibiheybət, Hökməli, Zabrat, Sabunçu, Xırdalan və. s sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.
Mərasimdə digər çıxış edənlər də erməni vandallarının xalqımızın başına açdıqları müsibətlərdən danışmışlar. Qeyd edilmişdir ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Erməni quldurları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv etmişlər.