İQTİSADİYYAT


Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Dövlətlərarası Aviasiya Komitəsi arasında saziş imzalanıb

Bakı, 10 may, Laçın Sultanova, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın (Dövlətlərarası Şura, qərargahı Bakı şəhərində yerləşir) icra orqanı olan Dövlətlərarası Aviasiya Komitəsi (DAK, qərargahı Moskva şəhərində yerləşir) arasında Aviasiya qəzalarının təhqiqatı və onların qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət barədə Saziş, habelə təhsil, aviasiya texnikasının və aerodromların sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Protokol imzalanıb.

AZƏRTAC xəbər verir ki, Saziş mayın 10-da Dövlətlərarası Şuranın qərargahında Dövlətlərarası Şuranın prezidenti, DAK-ın sədri, texnika elmləri doktoru, professor, İKAO-nun Edvard Uorner adına mükafatı laureatı Tatyana Anodina və Administrasiyanın direktoru Arif Məmmədov tərəfindən imzalanıb.

Tatyana Anodina deyib ki, bu Sazişin imzalanması “Beynəlxalq mülki aviasiya haqqında konvensiya”ya (Çikaqo konvensiyası) 13 saylı Əlavənin yerinə yetirilməsini təmin etməyə və aviasiya qəzalarının təhqiqat orqanının müstəqilliyi prinsipini reallaşdırmağa imkan verəcək. Bu, 1992-ci ildən Azərbaycan Respublikasının da üzv olduğu Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO)standartlarına tamamilə müvafiqdir.

Professor T.Anodina qeyd edib ki, Bakıda “Beynəlxalq mülki aviasiya haqqında konvensiya”ya (Çikaqo konvensiyası) və “Aviasiya qəzalarının və insidentlərin təhqiqatı üzrə regional təşkilat üçün rəhbər sənəd”ə (İKAO-nun 9946 nömrəli sənədi) müvafiq olaraq tərtib edilmiş Saziş aviasiya qəzalarının müstəqil təhqiqatında DAK-ın zəngin beynəlxalq təcrübəsindən və onun resurslarından istifadə etməyə imkan verəcək. 30 dekabr 1991-ci il tarixli “Mülki aviasiya və hava məkanından istifadə haqqında Dövlətlərarası Saziş”in iştirakçısı olan Azərbaycan Respublikası mülki aviasiyanın təhlükəsiz və səmərəli fəaliyyətinin təmin olunması üçün DAK və Dövlətlərarası Şura ilə müxtəlif sahələrdə fəal əməkdaşlıq edir.

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov da imzalanmış sənədlərin çox vacib olduğunu qeyd edib. O xatırladıb ki, Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın qərargahı 2015-ci ildən Bakıda yerləşir. Arif Məmmədov deyib: “Bu, bizim 25 ildən artıq müddətdə əməkdaşlıq etdiyimiz Dövlətlərarası Şura / DAK ilə ölkəmiz arasında sıx qarşılıqlı fəaliyyətə kömək edir. Dövlətlərarası Şura / DAK ilə qarşılıqlı fəaliyyətimiz bizim aramızda imzalanmış çoxsaylı sənədlərə əsaslanır. Bu gün imzalanmış Saziş Azərbaycanın öz kadrlarını yetişdirməsinə kömək edəcək. DAK bizim mütəxəssislərin sertifikatlaşdırma məsələlərini yaxşı mənimsəmələri üçün yeni mütəxəssislər hazırlanmasında, onların Azərbaycan Milli Aviasiya Akademiyasında təcrübə keçməsində bizə kömək edir.

Tərəflər beynəlxalq münasibətlərin, işgüzar əlaqələrin və turizmin inkişafı məqsədilə Azərbaycan Milli Mülki Aviasiya Akademiyasının və digər təhsil mərkəzlərinin peşəkar elmi-texniki bazasından istifadə etməklə beynəlxalq peşə təhsili sisteminin reallaşdırılması proqramını işləyib hazırlayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.