ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Şanxay Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Şanxay Universitetinin səlahiyyətli nümayəndəsi Renying Li ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ali təhsil ocağı arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin çinli tələbələrin ADNSU-da təhsil almaları üçün imkanların genişləndirilməsi, birgə elmi araşdırmaların aparılması, universitetin yataqxanasının tikilməsinə investisiyanın ayrılması kimi məsələlər müzakirə edilib. ADNSU-nun professorlarının Şanxay Universitetində tədris prosesində iştiraklarına şəraitin yaradılması ilə bağlı razılıq əldə olunub.
Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluğun ifadə edildiyi görüşdə Renying Liyə ADNSU-nun Çində təmsilçisi olması barədə sertifikat verilib. O diqqətə çatdırıb ki, təmsil etdiyi təhsil ocağı ilə ADNSU arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcək.