ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Lazer Mərkəzi açılıb
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Lazer Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında ətraflı məlumat verib.
Eyni zamanda, laboratoriyada başlıqların iş prinsipi əyani nümayiş etdirilib. Yeyilmiş səthləri bərpa etmək üçün nəzərdə tutulan lazer başlıqlarının neft və yüngül sənayedə, eləcə də kənd təsərrüfatında avadanlığın bərpası üçün istifadə oluna biləcəyi bildirilib.
Xatırladaq ki, Lazer Mərkəzi ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsini nəzərdə tutur. Lazımi nəzəri baza və biliklərə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlığın təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda, lazer başlıqlarının istehsalının təşkili nəzərdə tutulub.