ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları yenidən doğma ali məktəbdə VİDEO

Bakı, 1 iyul, İ.Əsədov, AZƏRTAC

İyulun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, ADNSU-nu müxtəlif illərdə bitirmiş məzunların iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Rektor rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, təhsil müəssisəsində qazanılan uğurlar barədə məlumat verib. Qeyd olunub ki, universitetdə on minədək tələbə təhsil alır. Onlardan 1.044-ü təhsilin magistratura pilləsində oxuyur. Universitetdə tədris Azərbaycan, rus və ingilis bölmələrində aparılır.

ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universitetinin (UFAZ) uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran professor M.Babanlı bildirib ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.

UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) üzrə tələbə qəbulu aparılıb və 141 gənc bu ali təhsil ocağında oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alır. Tədris ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

2017-2018-ci tədris ili üçün Azərbaycan-Fransız Universitetinə 160 tələbənin qəbulu nəzərdə tutulur.

Bu il ADNSU-da 1.904 tələbənin məzun olduğunu xatırladan M.Babanlı bakalavrlardan 190-nın, magistrantlardan 168-nin universiteti fərqlənmə diplomu ilə bitirdiyini söyləyib.

Sonra müxtəlif layihələrin təqdimatı olub.

Çıxış edən məzunlar doğma universitetdə əldə olunan nailiyyətlərdən sonsuz qürur hissi keçirdiklərini bildirib, müəllim və tələbələrə uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.